Mustafa Hüseynbəyov

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ hərflər. Bakı: “Təhsil”, 2019, ss. 277-279.

HÜSEYNBƏYOV Mustafa bəy İsmayıl bəy oğlu

[1894, Şəki-?]

Atası: İsmayıl bəy Hüseynbəyov.

Anası: Sarya Molla Mustafa qızı.

Hüseynbəyov orta təhsilini Tiflis səkkizsiniflik kommersiya məktəbində alıb (01.09.1902-03.06.1914).


5 iyun 1914-cü ildə Moskva Kommesiya İnstitutunun, 8 iyunda isə Kiyev Kommersiya İnstitutunun direktorlarına eyni məzmunlu ərizə yazaraq həmin institutların nizamnaməsi ilə tanış olduğunu bildirib və onların iqtisad bölməsinin həqiqi dinləyiciləri sırasına götürülməsini xahiş edib, ərizəsinə gərəkli bəlgələrin surətlərini də qoşub. Həmin sənədlərdən biri öz əli ilə yazdığı bu qısa tərcümeyi-halıdır:

“Mən, Hüseynbəyov Mustafa 1894-cü ildə Gəncə valiliyinin Şəki şəhərində tacir ailəsində doğulmuşam. İlk təhsilimi evdə almışam. Səkkiz yaşımdan Tiflis səkkizsiniflik kommersiya məktəbinə qoyulmuş, oranın kursunu 3 iyun 1914-cü ildə bitirmişəm.

Sonrakı kommersiya təhsilimi Moskva / Kiyev Kommersiya İnstitutunda bitirmək niyyətindəyəm, bunun üçün yetərincə vəsaitim var”.

Bu ərizələrə və sənədlərə əsasən Hüseynbəyov 11 avqust 1914-cü ildə Kiyev Kommersiya İnstitutunda, 15 avqustda isə Moskva Kommersiya İnstitutunda arzu etdiyi bölməyə (fakültəyə) qəbul olunub.


Moskva və Kiyev arxivlərindəki şəxsi işlərində saxlanılan sənədlərdən dəqiqləşdirə bilmişik ki, o, Kiyev Kommersiya İnstitutuna təhsilhaqqı ödəməyib, buna görə də oradan çıxarılıb. Moskva Kommersiya İnstitutuna aid sənədlərdə isə onun 22 aprel 1915-ci ilədək oxuduğunu izləyə bilirik. Sonrakı təhsili haqqında fikir söyləmək üçün əlimizdə bəlgələr yoxdur.

Qaynaqlar: MŞMDTA, f. 417, siy. 10, iş 1059; KŞDA, f. 153, siy. 4, iş 1112.